Medya Yenigün

Leyla Qabil qzızı Abasova, 44 Günlük Qaçılmaz Uğurlu VƏTƏN müharibəsi

Leyla Qabil qzızı Abasova, 44 Günlük Qaçılmaz Uğurlu VƏTƏN müharibəsi
350
20 Ocak 2021 - 11:59

Leyla Qabil qzızı Abasova

Tarix üzrə fəlsəfə doktoru

 

Dalana Dirənmiş Qarabağ Danışıqları və Ermənistan Hakimiyyətinin Müntəzəm Təxribatları: 44 Günlük Qaçılmaz Uğurlu VƏTƏN müharibəsi

SSRİ-də 80-ci illərin ortasında Qorbaçov tərəfindən başladılmış “yenidənqurma” (perestroyka) prosesi çoxmillətli İttifaqda separatçı meylləri tətikləməyə başladı və 1980-ci illərin ikinci yarısında Dağlıq Qarabağda ayaqlanan erməni separatizminin məqsədi  bölgədə mövcud muxtar statusu Ermənistanla birləşməyə dəyişdirmək idi. Tələblərinə mitinqlərlə başlayan, az sonra silaha əl atan ekstremistlər qısa müddətdə Dağlıq Qarabağın azərbaycanlı əhalisini bölgədən qovdu. Təbii ki, Dağlıq Qarabağın azərbaycanlı icması separatçıların Ermənistanla birləşmək planları qarşısında başlıca maneə idi. Separatçı ermənilər perspektiv planları hələ çox öncədən planlamışdılar. Şuşa azərbaycanlıları hazırlıqlı ermənilərin Xankəndidən Şuşaya gələrək imza toplamağa çalışdıqlarının şahidi idilər. Əslində imzatoplama təşəbbüsü Xankəndidəki mitinqlərdən çox əvvəl başlamışdı. Ola bilsin, görünür, separatçılar həmin yolla Şuşadakı azərbaycanlıların reaksiyasını yoxlayırdılar. Nəticədə, erməni separatçıların “məqsədli fəaliyyət planı” iki xalqın üz-üzə dayanmasına, soyğunlara, qətllərə, müharibəyə, bölgə azərbaycanlılarının soyqırımına, on minlərlə insanın həlak olmasına və bu günədək mürəkkəb görünən problemin həllinin uzanmasına yol açdı.

Münaqişənin həlli yolunda rəsmi danışıqlar prosesinin dalana dirəndiyi vaxtadək danışıqlar masası üzərində “Madrid prinsipləri” çərçivəsində deyilən həll planı var idi. Bu son prinsiplərin ümumi mahiyyəti belə idi: Qarabağ ətrafında işğal altındakı 5 rayon (Ağdam, Füzuli, Zəngilan, Qubadlı və Cəbrayıl) və Laçının ilkin olaraq 13 kəndi azad edilir, qaçqınlar geri qayıdır, bütün kommunikasiya xətləri açılır, Dağlıq Qarabağ üçün aralıq status müəyyənləşdirilir, bölgədə tərkibi öncədən bəlli olmayan sülhməramlı qüvvələr yerləşdirilir, Laçın və Kəlbəcərin isə boşaldılması tarixi dəqiqləşdirilir və gələcəkdə Dağlıq Qarabağın yekun statusu ilə bağlı referendum keçirilir.

Ümumi olaraq Azərbaycan hakimiyyəti bəzi istisnalarla bu prinsipləri qəbul etdiyini açıqlamışdı. Rəsmi İrəvan isə hələ də düşünməyə davam edirdi. Belə ki, planda göstərilən addımların ardıcıllığı onu qane etmir, bütün maddələrin məhz Dağlıq Qarabağın yekun statusuna bağlanmasını istəyirdi. Ermənistan Dağlıq Qarabağın yekun statusunu müəyyənləşdirəcək referendum məsələsinə konkretlik gətirməyi də tələb edirdi.

Azərbaycan hakimiyyəti isə status məsələsinə ümumilikdə etiraz etməsə də, planın ilkin bəndləri yerinə yetirildikdən sonra bu mövzunun müzakirəsinin mümkün olduğunu vurğulayırdı. Əslində söhbət yenə də əvvəlki dövrdə olduğu kimi, “mərhələli” və ya “paket” həll variantları üzərindəki qarşıdurmadan gedirdi. Azərbaycanın “öncə torpaqlar işğaldan azad edilsin, qaçqınlar geri qayıda bilsin, sonra o biri məsələlərin müzakirəsi mümkündür” tələbi “mərhələli həll” planına uyğun gəlirdisə, Ermənistanın bu deyilənlərin statusla birgə həll olunması tələbi isə “paket həll” variantı demək idi.

2009-cu ilin yayında Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın “RTR” televiziya kanalına müsahibəsində münaqişənin həlli planında referendum maddəsini belə izah etmişdi: “Referendum 10 il, 20 il, 100 il sonra keçirilə və ya heç keçirilməyə də bilər”. Azərbaycan referendum tarixini qeydə alacaq həll planına yaşıl işıq yandıra bilməz. Çünki bu faktiki Dağlıq Qarabağın yaxın gələcəkdə müstəqillik yolunun açılması anlamına gələcək. Nə qədər azərbaycanlı qaçqın Dağlıq Qarabağa qayıtsa da, bütün hallarda bölgədə nisbət ermənilərin xeyrinə olacaq. Belə bir nisbətdə keçirilən referendumun nəticəsi isə əvvəlcədən bəllidir.

Ermənistan son proseslərədək dirənməkdə davam edirdi. Vaxtilə həll planının 95 faizinin tərəflərlə razılaşdırıldığını deyən həmsədrlər hələ həmsədrlik institutunun aktiv fazasında status məsələsində ilişib qalmışdılar. Elə bütün anlaşılmazlıqlar, danışıqların dalana dirənməsi məhz həmin 5 faizlə – Dağlıq Qarabağın statusunu müəyyənləşdirəcək referendumun tarixi ilə bağlı idi. Təkcə bu maddə bütün digər maddələrin cəmindən ağır gəlir və təsadüfi deyildi ki, “əgər anlaşmada bir müddəa razılaşdırılmayıbsa, demək, heç nə razılaşdırılmayıb” formulu siyasətçilərin dilindən düşmürdü və dalanda öz işini görürdü.

Azərbaycan rəsmiləri Dağlıq Qarabağın statusu ilə bağlı çoxsaylı açıqlamalarında bir fikrə də xüsusi diqqət ayırırdılar: “Dağlıq Qarabağa dünya praktikasında mövcud olan ən yüksək muxtariyyət verilə bilər”.

Dünyada mövcud münaqişələrin həlli yollarının tədqiqi göstərir ki, öz müqəddəratının təyini üçün referendumlar heç də hər zaman separatçıların istədiyi kimi nəticələnmir. Çünki xalqların illərlə birgə yaşaması və bölgədə inam atmosferinin formalaşması nəticəsində müstəqilliyə ehtiyac duyulmur. Azərbaycanın da istəyi bu idi ki, əvvəlcə işğal altındakı torpaqlar boşaldılsın, keçmişdəki əlaqələr bərpa olunsun, iki xalq arasında inam atmosferi formalaşsın, Dağlıq Qarabağ erməniləri muxtariyyətin geniş səlahiyyətlərindən yararlansınlar ki, gələcəkdə heç referenduma ehtiyac qalmasın, ermənilər müstəqilliyin uçuruma, yeni müharibə və qırğınlara yol açdığını anlasınlar.

Erməni separatçılarının hazıradək istinad etdiyi yeganə beynəlxalq təcrübə Kosovo idi. Bu bölgənin müstəqilliyi bir çox Qərb dövləti tərəfindən tanındıqdan və BMT-nin Haaqa Məhkəməsi də Kosovonun müstəqilliyinin elanının beynəlxalq qanunların pozulmaması kimi qiymətləndirdikdən sonra rəsmi İrəvan hərəkətlənmişdi. Ermənistan hakimiyyəti Kosovonun Dağlıq Qarabağ üçün örnək ola biləcəyini iddia edirdi. Ancaq Rusiya qıcıqlanmasın deyə İrəvan Kosovonun müstəqilliyini də indiyə qədər tanımayıb. Bu Dağlıq Qarabağın “müstəqilliyi” uğrunda çarpışan Ermənistanın bu “müstəqilliyi” indiyə qədər tanımamasına bənzəyirdi. Ermənistanın siyasi çevrələrində onu da yaxşı anlayırdılar ki, Kosovonun müstəqilliyinin daima örnək kimi göstərilməsi qonşu Gürcüstanın parçalanmasına yaşıl işıq yandırılması deməkdir. Türkiyə və Azərbaycanın ardından Gürcüstanla da münasibətlərin pozulması Ermənistanın indiki çətin vəziyyətini bir az daha ağırlaşdırardı.

Qərb Kosovonun müstəqilliyini tanıdığı kimi Rusiya da əlinə düşən fürsətdən istifadə edərək Abxaziya və Cənubi Osetiyanın “müstəqilliklərini” tanıyıb. Bununla Qərbin Kosovo üçün “unikal” həll yolu adlandırdığı müstəqilliyi Kremlı “universal”, yəni hamı üçün örnək ola biləcək həll yoluna çevirməyə çalışmışdı. Ancaq Kosovo Dağlıq Qarabağ üçün presedent ola bilməzdi. Qərb dövlətlərinin liderləri və diplomatları bunu dönə-dönə vurğulayırdılar. Əslində Kosovonun alban əhalisi vaxtilə Serbiyanın etnik təmizləməsinə məruz qalıb və bu amil Kosovonun müstəqilliyinin tanınmasında vacib amilə çevrilib. Bu kimi qərarlara keçmiş Yuqoslaviya hakimiyyətinin Balkanlarda törətdikləri qətliamlar da təsir edib. Kosovodan fərqli olaraq Dağlıq Qarabağda məhz azərbaycanlılar etnik təmizlənməyə məruz qalıblar, ona görə də iki fərqli bölgə arasında paralellər aparmaq yersiz idi.

Ancaq Paşinyanın hakimiyyətə gəlişindən sonra münaqişənin həlli ilə bağlı cəmi bir neçə konstruktiv mesajlarından sonra davamlı şəkildə Azərbaycan tərəfini qıcıqlandıran provakativ açıqlamaları və davranışları, bu ilin iyulunda tərəflərin təmas xəttindən uzaqda iki ölkənin sərhəd xəttində Azərbaycan ordusunun biri general olmaqla 12 hərbçisinin həlak olması ilə nəticələnən hərbi provokasiyası və sərhəd yaşayış məntəqələrinə hücumu və onun ardınca bu ilin sentyabrın 27-də Ermənistan hərbi birləşmələrinin Azərbaycanın Qarabağ bölgəsinin işğal altında olan  ərazilərindən tərəflərin təmas xəttinə yaxın Tərtər və digər yaşayış məntəqələrinə hərbçilərimizin və mülki əhalinin həlak olması ilə nəticələnən artilleriya hücumu Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı əks-hücum əməliyyatına başlamasını şərtləndirdi. Nəticədə yüksək texnoloji silahlara sahib Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatları ilə 44 gün davam edən vətən müharibəsi işğal altında olan Dağlıq Qarabağ bölgəsi ətrafında olan, erməni silahlı birləşmələri tərəfindən işğal edilərək 27 il ərzində darmadağın edilmiş və BMT Təhlükəsizlik Şurasının bu ərazilərin qeyd-şərtsiz azad edilməsi tələbi ilə 1993-cü ildə qəbul etdiyi 4 qətnaməni icra etməyərək Dağlıq Qarabağa bufer zona bəhanəsi kimi işğalda saxladığı 7 rayonu (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər və Laçın) azad edildi. Bundan başqa Dağlıq Qarabağ bölgəsində işğal altında olan strateji Hadrut qəsəbəsi və Xocavənd rayonunun 34 kəndi  işğaldan azad edilmiş və Azərbaycanın Qarabağ bölgəsinin milli maddi-mənəvi mədəniyyət mərkəzi olan Şuşa şəhəri də işğaldan azad edilərək 10 noyabr üçtərəfli razılaşma bəyanatı ilə hərbi əməliyyatlar dayandırılmış, 10 maddəlik bəyanat sənədinin icrasına başlanılmış və Ermənistanın Azərbaycan torpaqlarında işğalına tam son qoyulması, Azərbaycanın ərazi bütövlüyünün və bölgədə suverenliyinin tam bərpası üçün bir proses başlanılmışdır.

2020-ci il sentyabrın 27-də başlanan 44 günlük ikinci Qarabağ müharibəsi və 3 gün davam edən Tovuz döyüşləri kimi tarixə düşdü. Nikol Paşinyan və İlham Əliyev arasında sonuncu görüş 2020-ci ilin fevral ayında Münhen Təhlükəsizlik konfransında oldu. Münaqişə tarixində ilk dəfə iki ölkə prezidentləri ictimaiyyətə açıq debat etdilər. Münaqişə və müzakirə detallarını açıqlamasalar da görüşdə hansı millətin daha qədim olması barədə mübahisələri oldu. 2020-ci ilin yazında Dağlıq Qarabağda yerli ermənilər tərəfindən aprelin 14-də prezident seçkiləri keçirilir. Andiçmə mərasimi Şuşa şəhərində keçirlir. Ermənistanın baş naziri Nikol Paşinyan Şuşa şəhərində təşkil etdikləri şənliklərə qatılır. 2019-cu ilin avqust ayında Dağlıq Qarabağda təşkil olunan ümumerməni oyunlarının açılışında ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ Ermənistandır! – şüarını səsləndirdi. 2019-cu ilin martında Ermənistanın müdafiə naziri David Tonoyan ABŞ-a səfərində Ermənistanın Qarabağla bağlı yeni strategiyasının müharibə və yeni ərazilər olduğunu qeyd edir. İlin sonunda baş verən müharibə zamanı Azərbaycan prezidenti İlham Əliyev onların bütün bu hərəkətlərini dəfələrlə çıxışlarında tənqid edərək, məhz müharibənin başlanması üçün əsas səbəblərdən biri olduğunu qeyd etdi. 2020-ci ilin əvvəlindən iyul ayına qədər cəbhədə nisbi sakitlik hökm sürüb. 2020-ci ilin iyulun 12-də Dağlıq Qarabağla birbaşa əlaqəsi olmayan Tovuz rayonu istiqamətində Ermənistan və Azərbaycan arasında dövlət sərhədində döyüşlər baş verdi. Hərbi əməliyyatlar geniş miqyas almasa da artilleriya qurğularından istifadə olundu. Belə ki, döyüşlər zamanı Ermənistan artilleriyası toplarla Tovuzun Dondaq Quşçu və Ağdam kəndlərini də atəşə tutmağa başladı. Ermənistanın keçmiş prezidenti Robert Köçəryan dekabr aylarında verdiyi açıqlamada Tovuz döyüşlərinin Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində başlandığını bildirdi. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 14-də səhər saatlarından başlayaraq Tovuz rayonun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutur. Daha çox yüksəkliklər uğrunda mövqe döyüşləri getdi.

3 gün davam edən Tovuz döyüşlərində – 12 iyul 2020-ci il tarixində əsgər Xəyyam Məmməd oğlu Daşdəmirov (2002), baş əsgər Elşad Dönməz oğlu Məmmədov (1996), çavuş Vüqar Lətif oğlu Sadıqov (1987); 2020-ci il 13 iyul tarixində baş leytinant Rəşad Rəşid oğlu Mahmudov (1992); 2020-ci il 14 iyul tarixində polkovnik İlqar Anzor oğlu Mirzəyev (1973), mayor Anar Gülverdi oğlu Novruzov (1976), mayor Namiq Hajan oğlu Əhmədov (1984), general-mayor Polad İsrail oğlu Həşimov (1975), əsgər Elçin Arif oğlu Mustafazadə (1992), gizir İlqar Ayaz oğlu Zeynallı (1995), gizir Yaşar Vasif oğlu Babayev (1987); 2020-ci il 16 iyul tarixində Nazim Əfqan oğlu İsmayılov (1996) və bir mülki vətəndaş Əziz İzzət oğlu Əzizov (1944) həlak  olmuşlar.

Tovuz döyüşlərindən sonra Ermənistana Rusiyadan və Serbiyadan silah-sursat daşınması geniş müzakirələrə səbəb oldu.

Tovuz döyüşlərindən sonra Azərbaycanın cəbhəyanı bölgələrində əhalinin atəşdən qorunması üçün sığınacaqlar qurulmağa başladı. Ölkədə hərbi hərəkətlilik hiss olunmağa başladı. Bundan sonra Türkiyə Azərbaycan hərbi təlimləri keçirilir. Rəsmi məlumatlara əsasən təlimlər ölkələr arasındakı hərbi əməkdaşlıq sazişinə və illik plana uyğun aparıldığı qeyd olunur. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının cəlb edilməsi ilə Bakıda və Naxçıvanda hərbi aviasiya qüvvələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilir. Hərbi təlimlər zamanı cəbhəyə yaxın ərazilərdə şərti əməliyyatlar baş tutur. Sentyabrın 27-də səhər saatlarında Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Ermənistanın növbəti dəfə cəbhədə təxribat törətdiyini bildirərək, ölən və yaralananların olduğu haqqında bəyanat yaydı. Bununla da Azərbaycan əks hücum əməliyyatına başlayır. Cəbhədə döyüşlər başlayan kimi Ermənistan tam Azərbaycan isə qismən hərbi səfərbərlik elan edir. Ermənistanın Azərbaycana hücumu nəticəsində 10 mülkü şəxs öldüyü, 30 nəfərin isə yaralanığı qeydə alınır. Cəbhədə şiddətli döyüşlər getdiyi müddətdə Azərbaycan tərəfi ilk dəfə oktyabrın 3-də rəsmən azad olunan əraziləri elan edir. İlk ərazilərin rəsmi olaraq azad olunma xəbərindən sonra Ermənistan Gəncə, Mingəçevir, Xızı, Abşeron, Füzuli, Tərtər, Cəbrayıl, Beyləqan, Bərdə, Ağcabədi, Goranboy, Şəmkir ərazilərini raket və artilleriya atəşinə tutur.

Oktyabrın 10-da Moskvada Ermənistan və Azərbaycan arasında Rusiyanın vasitəçiliyi ilə birinci atəşkəs sazişi imzalandı. Atəşkəs barədə hər üç ölkənin xarici işlər naziri arasında 11 saat davam edən müzakirələrdən sonra razılığa gəlinir. Atəşkəs bir neçə dəqiqədən sonra Ermənistan tərəfindən pozulur və döyüşlər cəbhədə səngimir. Oktyabrın 11-də Ermənistanın Gəncə şəhərinə atdığı raket atəşi nəticəsində 42 nəfər mülki şəxs həlak olur, 200-dən çox adam yaralanır. Gəncəyə hücumdan sonra Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən Ermənistan ərazisində və Qarabağda olmaqla oktyabrın 14-də 3 ədəd, oktyabrın 20-də iki ədəd Elbrus raket kompleksi zərərsizləşdirilib. Ermənistan Müdafiə Nazirliyi oktyabrın 14-də Ermənistan ərazisində Kəlbəcərə yaxın yerdə raketlərin qurulduğu haqqında məlumatı təsdiq edir. Oktyabrın 17-də Ermənistan Gəncə və Mingəçevir şəhərlərini raketlərlə atəşə tutur. Mülki əhalinin hədəfləndiyi  yerlərə düşən raketlər təlafata və dağıntılara səbəb olur.

Oktyabrın 18-də Azərbaycan və Ermənistan ikinci humanitar atəşkəs barədə razılığa gəlsələr də bu bir neçə dəqiqə baş tutur. Ermənistan Qəbələ, Kürdəmir və Siyəzən kimi cəbhə bölgəsinindən yüzlərlə kilometr uzaqda olan ərazilərə raketlər atır.

Üçüncü atəşkəs imzalanması oktyabrın 26-da Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə razılaşdırılsa da, bu sazişin də ömrü az oldu. Sazişdən sonra Ermənistan Bərdə şəhərinə raket atdı. Bunun nəticəsində 3 nəfər həlak oldu, 4 nəfər yaralandı. Bərdəyə ikinci dəfə raket atılması  nəticəsində 21 nəfər həlak olur, 40 nəfər yaralanır. Müharibəni yekunlaşdıran noyabrın 8-də Şuşa şəhərinin düşməndən alınması oldu. Noyabrın 9-da Dağlıq Qarabağda separatçılar Şuşa şəhərinə nəzarəti itirdiklərini etiraf etdilər. Onlar bildirib ki, Azərbaycan ordusu Xankəndinin astanasındadır. Elə həmin gün Azərbaycan müxtəlif rayonların ərazisində olan 70-ə yaxın kəndin işğaldan azad olunduğunu elan edib.

Noyabrın 10-da gecə saatlarında gözlənilmədən Ermənistan Azərbaycan Rusiya Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə bəyanat imzalayırlar. Atəşkəs razılaşması onlayn formatda Rusiya prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında imzalanıb. Bu onlayn atəşkəs imzalanmasına Nikol Paşinyan qatılmadı. Dağlıq Qarabağa dərhal Rusiya sülhməramlıları daxil olur. Atəşkəs razılaşmasına görə Ağdam, Kəbəcər və Laçın dekabrın 1-dək azad edilərək Azərbaycana qaytarılır. Laçın şəhəri Rusiya sülhməramlılarının nəzarətində qalır və Xankəndini və digər Dağlıq Qarabağ ərazilərini Ermənistanla birləşdirən 5 km enində “Laçın dəhlizi” tam gücü ilə çalışmağa davam edir. Dağlıq Qarabağla Ermənistanı birləşdirən Laçın dəhlizi Laçın şəhərindən keçir. İlham Əliyev qeyd edir ki, yaxın üç ilə Qarabağdan Ermənistana yeni yol tikiləndən sonra Laçın şəhəri də Azərbaycana qaytarılacaq. Sazişə görə Rusiya Qarabağa 1960 nəfər sülhməramlı hərbçi helikopter, dronlar da daxil olmaqla yüzlərlə texnika da göndərir. Rusiya sülhməramlıları arıq Dağlıq Qarabağa tam yerləşib. Atəşkəs razılaşmasında olmasa da sonradan İlham Əliyev bəyan etdi ki, atəşkəsə nəzarət üçün Ağdamda Rusiya-Türkiyə atəşkəsə nəzarət-monitorinq mərkəzi yaradılacaq. Türkiyə ortaq mərkəzdə bir il müddətinə xidmət etmək üçün Azərbaycana hərbçilərin göndərilməsi barədə parlamentdə qərar təsdiq edib.

Azərbaycanın İkinci Qarabağ müharibəsində 2802 nəfər hərbçinin həlak olduğunu, mülki itkilərin sayı 100-dən çox, 100-dən çox hərbi qulluqçu itkin düşdüyünü açıqlayır. Azərbaycanda müharibənin bitməsi Bakı şəhərində (10.12.2020) zəfər paradı ilə yekunlaşdı. Parada Türkiyə prezidenti Rəcəb Tahir Ərdoğan, Türkiyənin nümayəndə heyəti və hərbçiləri qatıldı. Hərbi paradda Ermənistandan qənimət kimi gətirilmiş hərbi texnikanın bir hissəsi, Türkiyə istehsalı olan bayaraqdar dronlar da nümayiş etdirildi. Müharibə başa çatsa da keçmiş Hadrut rayonunun Çaylaq Qala və Hind Tağlar istiqamətində dekabrın 11 və 12-də erməni terrorçu qruplaşmaları ilə atəşma davam etmiş və dekabrın 13-də Rusiya sülhməramlılarının müdaxiləsi ilə döyüşlər dayanıb. Hadrutda tərksilah edilməmiş erməni hərbi qruplaşmalarının terror əməliyyatları nəticəsində 4 hərbçimiz həlak olur.

İşğaldan azad olunmuş ərazilər:

27 sentyabr 2020-ci il Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri, Cəbrayıl rayonunun  Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər, 3 oktyabr 2020-ci il tarixində Tərtər rayonunun Suqovuşan və Talış kəndləri, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi, 4 oktyabr 2020-ci il tarixində Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərəbad kəndləri, 5 oktyabr 2020-ci il Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri, 9 oktyabr 2020-ci il tarixində Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi, Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndləri, Tərtər rayonunun Çaylı kəndi, 14 oktyabr 2020-ci il tarixində Füzuli rayonun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtürk, Təkə, Tağaser kəndləri, 15 oktyabr 2020-ci il tarixində Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çıraquz kəndləri, Füzuli rayonunun Arış kəndi, Cəbrayıl rayonunun Doşulu kəndi, 16 oktyabr 2020-ci il tarixində Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri, 17 oktyabr 2020-ci il tarixində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri, 18 oktyabr 2020-ci il tarixində Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı, 19 oktyabr 2020-ci il tarixində Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri, 20 oktyabr 2020-ci il tarixində Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri, Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng) kəndləri, 21 oktyabr 2020-ci il tarixində Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri, Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri, 22 oktyabr 2020-ci il tarixində Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanl, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri, Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri, 23 oktyabr 2020-ci il Xocavənd rayonunun Dolanlar və Bünyadlı kəndləri, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşlı və Veysəlli kəndləri, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri, Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri, 25-26 oktyabr 2020-ci il tarixində Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri, Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri, 28 oktyabr 2020-ci il tarixində Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndləri, Füzuli rayonunun Mandılı kəndi, Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri, Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qılıcan kəndləri, 30 oktyabr 2020-ci il tarixində Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri, Zəngilan rayonunun Aladin, Vejnəli kəndləri, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndləri, 2 noyabr 2020-ci il tarixində Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq kəndləri, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ kəndləri, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndləri, 4 noyabr 2020-ci il tarixində Cəbrayıl rayonunun Mirək, Kavdar kəndləri, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli kəndləri, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndləri, 7 noyabr 2020-ci il tarixində Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar kəndləri, Cəbrayıl rayonunun Yuxarı Məzrə, Yanarhac kəndləri, Qubadlı rayonunun Qəzyan, Balasoltanlı, Mərdanl kəndləri, Zəngilan rayonunun Beşdəli kəndi, Xocalı rayonunun Qarabulaq, Moşxmaat kəndləri, Xocavənd rayonunun Ataqut, Tsakuri kəndləri, 8 noyabr 2020-ci il tarixində Şuşa şəhəri, 9 noyabr 2020-ci il Füzuli rayonunun Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüeynbəyli, Saracıq kəndləri, Xocalı rayonunun Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Şuşakənd, Muxtar, Daşaltı kəndləri, Xocavənd rayonunun Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər kəndləri, Cəbrayıl rayonunun Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər kəndləri, Qubadlı rayonunun  Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri, Zəngilan rayonunun Keçikli, Ördəkli, Sobu, Qaragöz, İsgəndərbəyli kəndləri, Bartaz qəsəbəsi, Laçın rayonunun Güləbürd, Səfiyan, Türklər kəndləri.

10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatına əsasən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunub. Bəyanata əsasən 2020-ci il noyabrın 15-dək Kəlbəcər rayonu, noyabrın 20-dək Ağdam rayonu, dekabrın 1-dək Laçın rayonunun Azərbaycana qaytarılması üzrə qrafik müəyyən edilir. 20 noyabr 2020-ci il tarixində noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, Ağdam rayonu Azərbaycana təhvil verilib. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi azad olunub. Xatırladaq ki, Ağdam işğal edilmiş rayonlarımızın arasında əhalinin sayına görə ən böyük rayondur. Rayonda 138 yaşayış məntəqəsi var. 25 noyabr 2020-ci il tarixində Üçtərəfli bəyanata əsasən, Kəlbəcər rayonu da Azərbaycana təhvil verilib. Kəlbəcər ərazi baxımından respublikamızın ən böyük rayonlarından biridir. 2020-ci il yanvarın 1-nə olan məlumata görə, əhalisi 77 min nəfərdən çoxdur. İşğaldam əvvəl rayonda 147 yaşayış məntəqəsi olub. 1 dekabr Üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan silahlı birləşmələri Laçım royonundan çıxarılıblar. Rayon Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilib. Ərazisi 1800 kv km olan Laçın rayonunda bir şəhər, bir qəsəbə və 125 kənd olmaqla, ümumilikdə 127 yaşayış məntəqəsi var.